Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
APREL DÖYÜŞLƏRİNİN XOCALI ƏSİLLİ ŞƏHİDİ SARVAN MEHRALIYEVİN ANIM MƏRASİMİ KEÇİRİLDİ

0

  •         Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə görüş keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdi ki, bir il bundan əvvəl işğalçı Ermənistan növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, hücum etdi, yaşayış məntəqələrimizi atəşə tutdu…Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirdi və düşmənə sarsıdıcı zərbələr endirdi. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik.
            Aprel döyüşlərini bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə adlandıran ölkə başçısı aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağının dalğalandığını vurğulamışdır. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
    Ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sarvan Mehralıyevin böyüyüb boya-başa çatdığı Pirallahı rayonunda anım mərasimi keçirilib.


            Pirallahı rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hərbi orkestrin ifasında Azərbaycanın dövlət himni və əsgər marşı səsləndirilib. Geniş izdihamlı mitinqlə başlayan mərasimdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov,  Milli Məclisin deputatları Elman Məmmədov və Xanhüseyn Kazımlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, Müdafiə Nazirliyinin idarə rəisi Rasim Əliyev, digər rəsmi şəxslər, Pirallahı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər, şəhid Sarvan Mehralıyevi dərin hüznlə anıblar.


            Mitinqdə çıxış edən Şahmar Usubov, Vasif İmanov, Bayram Səfərov,  Rasim Əliyev, polkovnik Abdulla Qurbani və digərləri Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açıblar. Bildirilib ki, canları, qanları hesabına Azərbaycana azadlıq, müstəqillik qazandıran ataların və babaların qəhrəmanlıq yolunu davam etdirən Sarvan məktəbin bütün tədbirlərində fəal iştirak edən intizamlı bir şagird, hər an ehtiyac duyana köməyə gəlməyə hazır olan etibarlı dost, bir çox yarışlarda uğur qazanan məharətli idmançı, Vətəni böyük məhəbbətlə sevən igid gənc olub.
            Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri, əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşan Mehralıyev Sarvan Natiq oğlu 1997-ci il iyulun 8-də anadan olub. Qardaşı Namiqlə birgə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi
    tərəfindən 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb, hər ikisi cəbhə xəttindəki “N” saylı hərbi hissəsində xidmətə başlayıblar. Xidmətdə olduqları 10 ay müddətində nümayiş etdirdikləri nizam-intizama, bir neçə dəfə mühüm hərbi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə fəxri fərman və təşəkkürnamə ilə təltif ediliblər. Aprel ayının 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən hər iki qardaş qaynar döyüş gedən ön mövqedə döyüşüblər. Düşmənin təhlükəli atəş nöqtəsini susduran, bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edən Sarvan Lələtəpəyə ilk olaraq çatmış və burada qəhrəmancasına şəhid olub. Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.


             Bildirilib ki, aprel döyüşlərində ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, işğalçının 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur. Ordunun döyüş hazırlığı gündən-günə artır. Mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülüb. Əgər erməni faşistləri danışıqlar yolu ilə könüllü surətdə işğal etdikləri əraziləri tərk etməsələr, Azərbaycan Ordusu yeni-yeni Lələtəpə, Bayraqtəpə əməliyyatlarını həyata keçirməyə hər an hazırdır.
            Şəhidin anası Xatirə xanım şəhid ailələrinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sarvanın tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu söyləyib.
            Şəhidin qardaşı Namiq Mehralıyev Ali Baş Komandanın əmri olarsa, Sarvanın qəhrəmanlığını təkrarlamağa hazır olduğunu deyib, bütün Pirallahı gənclərini Sarvandan nümunə götürməyə, Vətəni Sarvan kimi sevməyə, ali məqsədlər, müqəddəs amallar uğrunda döyüşə hazır olmağa çağırıb.
    Mitinqin sonunda polkovnik Abdulla Qurbani Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nəşr olunan “Lələtəpə fatehləri” kitabının ilk nüsxəsini şəhid anası Xatirə xanıma hədiyyə edib.


            Anım mərasimi şəhidin ruhuna dualar oxunması və ehsan süfrəsi ilə başa çatıb.
            Şəhidimizin anım günündə Xocalı və  Ağdam rayonunun ictimaiyyət nümyandələrinin iştirakı ilə şəhid Sarvan Mehralıyevin anadan olduğu Ağdam rayonunun Ballar kəndində şəhidin məzarı ziyarət edildi. Şəhidimizin ruhuna ehtiram əlaməti olaraq məzarı önünə tər çiçəklər düzüldü, ruhuna dualar oxundu. Vətənpərvər gənc, əsl döyüşçü timsalı olan Sarvan Mehralıyevə  Allahdan rəhmət diləndi. Şəhidimizin doğulduğu Ballar kəndində onun müqəddəs ruhuna ehsan süfrəsi açılıdı.                                                                                                                                                                                     “XOCALININ SƏSİ”
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib45 dəfə
    APREL DÖYÜŞLƏRİNİN XOCALI ƏSİLLİ ŞƏHİDİ SARVAN MEHRALIYEVİN ANIM MƏRASİMİ KEÇİRİLDİ

    Maraqlı gələ bilər
    48
    0
    56
    53
    78